şənbə 22 avqust 2026 - 22:17
Müqəddəs Nəcəf şəhərinin cümə imamı: “Silah məsələsi” milli iradə və dini mərcəiyyətin mövqeyi əsasında həll edilməlidir

Hövzə / Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi: Bizim mövqeyimiz budur ki, İraqda silah məsələsi milli idarəçilik əsasında, xarici təzyiqlərdən uzaq və dini mərcəiyyətin rəyi nəzərə alınmaqla həll edilməlidir.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi Nəcəf şəhərindəki böyük Fatimiyyə Hüseyniyyəsində keçirilən cümə namazı xütbələrində İraq və regionun mühüm məsələləri ilə bağlı fikirlərini açıqlayıb.

İraqda silah məsələsi

Nəcəf şəhərinin cümə imamı “qızğın məsələ” adlandırdığı İraqda silah məsələsi barədə bildirib: Bizim mövqeyimiz budur ki, bu məsələ xarici təzyiqlərdən uzaq, milli idarəçilik əsasında və dini mərcəiyyətin mövqeyindən yararlanmaqla həll edilməlidir. İraqı əhatə edən daxili və xarici təhlükələr nəzərə alınmalıdır. Çünki əsas məqsəd təhlükəsizliyin, müstəqilliyin və milli suverenliyin qorunmasıdır. Silah məsələsi məhz bu üç prinsip əsasında araşdırılmalı və bu məsələdə son söz dini mərcəiyyətə məxsus olmalıdır. Çünki fətva vermək səlahiyyəti məhz ona aiddir.

İraqın daxili məsələləri: Şəhidlər Fondu

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi çıxışının digər hissəsində “Şəhidlər Fondu”nun (Müəssəsətüş-Şühəda) hesabatlarına toxunaraq deyib: Bu qurum İraqın müxtəlif bölgələrində 20 min meyitsiz ölüm işinin mövcud olduğunu açıqlayıb və bu siyahıda Ənbar vilayəti birinci yerdədir. Həmçinin fond 22 min qanun pozuntusu və sənəd saxtalaşdırılması halının qeydə alındığını bildirib. Bu hallar arasında şəhid siyahılarına 471 BƏƏS üzvünün və 2302 terrorçunun adının daxil edilməsi də var.

Bu səbəbdən biz Şəhidlər Fondundan tələb edirik ki, şəhid siyahılarını terrorçulardan, BƏƏS üzvlərindən və saxta adlardan təmizləsin. Eyni zamanda bu məsələnin araşdırılmasında fondun göstərdiyi səylərə və səmimiyyətə görə təşəkkürümüzü bildiririk.

Regional məsələlər: Bəhreynin vəziyyəti

Nəcəf şəhərinin cümə imamı regiondakı vəziyyətə toxunaraq deyib: Bəhreyn 69 nəfərin vətəndaşlığını ləğv edib. Onların arasında bir sıra dini alimlər də var. Onlara qarşı irəli sürülən ittihamlar milli sədaqəti pozmaq, İranla həmrəylik və məzhəbçi davranışlar kimi təqdim olunur.

Hətta Əhli-beyt (ə) məddahı və “Salam ya Məhdi” mərsiyəsinin müəllifi Məhəmməd Ğulumun da vətəndaşlığı ləğv edilib. Dünən isə Bəhreyn gənci Məhdi Züheyr yalnız İmam Hüseynin (ə) ziyarətini açıq şəkildə oxuduğuna görə həbs edilib.

Bunlar regionun qarşılaşdığı şiələrə qarşı müharibənin nümunələridir. Biz şiələrə qarşı gərginlik yaradan ritorikadan uzaq durmalı və bütün insanlarla İslam qardaşlığı ruhunda birgə yaşamalıyıq.

Dini xütbə və İmam Həsən Əsgərinin (ə) həyatı

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi dini xütbəsində təqvaya tövsiyə etdikdən sonra deyib: Biz İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümündəyik və burada onun bəzi hədis və tövsiyələrini nəzərdən keçiririk.

O əlavə edib: İmam (ə) buyurub:

«خصلتان لیس فوقهما شیء الإیمان بالله ونفع الإخوان»

“İki xüsusiyyət vardır ki, onlardan üstün heç nə yoxdur: Allaha iman gətirmək və mömin qardaşlara fayda vermək.”

Bu hədis mömin insanın şəxsiyyətinin insani və əxlaqi tərəfinə diqqət çəkir. Çünki iman başqalarına xidmət etməkdən və saleh əməldən ayrı olmamalıdır.

O davam edərək deyib: İmamın (ə) şiələrinə vəsiyyətində də belə buyurulur:

«أوصیکم بتقوی الله والورع فی دینکم اتقوا الله وکونوا زینًا ولا تکونوا شینًا جرّوا إلینا کل مودة وادفعوا عنا کل قبیح أکثروا ذکر الله وذکر الموت وتلاوة القرآن والصلاة علی النبی صلی الله علیه وآله فإن الصلاة علی رسول الله عشر حسنات»

“Sizi Allahdan qorxmağa və dininizdə təqvalı olmağa tövsiyə edirəm. Allahdan qorxun və bizim zinətimiz olun, rüsvayçılığımıza səbəb olmayın. Bütün məhəbbətləri bizə yönəldin və bütün çirkinlikləri bizdən uzaqlaşdırın. Allahı və ölümü çox yad edin, Quran oxuyun və Peyğəmbərə (s) çoxlu salavat göndərin. Çünki Allahın Rəsuluna salavat göndərmək on savabdır.”

Nəcəf şəhərinin cümə imamı qeyd edib ki, İmam Həsən Əsgərinin (ə) Mütəvəkkil və ondan sonrakı dövrlərdə sərt Abbasi hakimiyyətinin kölgəsində yaşadığı tarixi mərhələ şiələrin kütləvi şəkildə məhv edilməsi, kökünün kəsilməsi, təqib olunması və repressiyaya məruz qalması dövrü idi.

Təqib və kökünü kəsmə siyasəti o həddə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) şiələrinə onunla salamlaşmağı belə qadağan edirdi.

O davam edərək deyib: Şiələrin kütləvi şəkildə məhv edilməsi və kökünün kəsilməsi səyləri o həddə çatmışdı ki, İmam Əsgəri (ə) şiələrə üzüyü sağ əllərində deyil, sol əllərində taxmağı əmr etmiş və buyurmuşdu:

«أوصیکم بتقوی الله والورع فی دینکم اتقوا الله وکونوا زینًا ولا تکونوا شینًا جرّوا إلینا کل مودة وادفعوا عنا کل قبیح أکثروا ذکر الله وذکر الموت وتلاوة القرآن والصلاة علی النبی صلی الله علیه وآله فإن الصلاة علی رسول الله عشر حسنات»

“Biz sizə üzüyü sağ əlinizdə taxmağı əmr etmişdik. Lakin indi onu sol əlinizdə taxmağınızı əmr edirik ki, tanınmayasınız.”

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi bildirib: İmam Həsən Əsgərinin (ə) şiələri kökünün kəsilməsindən qoruduqdan sonra həyata keçirdiyi ən mühüm fəaliyyətlərdən biri, ehtimal ki, İmam Məhdinin (ə.f) qeyb dövrünə zəmin hazırlamaq və şiələr üçün qeyb dövründə düzgün yol müəyyənləşdirmək idi.

Belə ki, ondan belə bir hədis nəql olunub:

«أما من کان من الفقهاء صائنًا لنفسه، حافظًا لدینه، مخالفًا لهواه، مطیعًا لأمر مولاه، فللعوام أن یقلدوه»

“Fəqihlərdən kim öz nəfsini qoruyar, dinini hifz edər, nəfsani istəklərinə qarşı çıxar və Rəbbinin əmrinə itaət edərsə, avamın ona təqlid etməsi caizdir.”

O, sonda deyib: Burada təqlid və fəqihlərə müraciət prinsipinə xüsusi diqqət yetirilib. Beləliklə, şiə məzhəbi və şiə ümməti qorunub saxlanılıb. Əgər bu olmasaydı, şiəlik məhv olardı.

Müqəddəs Nəcəf şəhərinin cümə imamı: “Silah məsələsi” milli iradə və dini mərcəiyyətin mövqeyi əsasında həll edilməlidir

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha